Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı Varşava Universitetində anım mərasimi keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Xocalı soyqırımının 19‑cu ildönümü ilə əlaqədar Azərbaycanın Polşadakı səfirliyi bu ölkənin ən böyük ali təhsil ocağı olan Varşava Universitetində anım tədbiri təşkil etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirə Polşanın Xarici İşlər, Müdafiə və digər nazirliklərinin, Azərbaycanın bu ölkədəki diasporunun təmsilçiləri, Varşavada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Polşada yaşayan bütün müsəlman icmalarının müftisi Tomaş Miçkiyeviç, alimlər, yerli ictimaiyyətin nümayəndələri və tələbələr qatılmışlar.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov mərasimi açaraq Xocalı faciəsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, ermənilər keçmiş SSRİ-nin 366‑cı motoatıcı alayının dəstəyi ilə bir gecədə yüzlərlə günahsız insanı - qocaları, qadınları, uşaqları qətlə yetirmiş, meyitlərin üzərində xüsusi vəhşiliklər törətmiş, mindən çox Xocalı sakinini əsir götürmüş, səkkiz ailəni tamamilə məhv etmişlər. Beynəlxalq hüquq müdafiə təşkilatları və dünya mətbuatının nümayəndələri tərəfindən sənədləşdirilmiş, XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımına beynəlxalq səviyyədə hələ də siyasi qiymətin verilmədiyi qeyd olunmuşdur.
Varşava Universitetində Qafqaz seminariyasının rəhbəri David Kolbaya ölkəmizin regionda artan əhəmiyyətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgənin davamlı inkişafına yeganə maneə olduğundan danışmışdır. O, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulamışdır.
Polşa yazıçısı, tanınmış jurnalist, 30-dan çox kitabın müəllifi Vitold Mixalovski ermənilərin Qərbi Avropada yalan təbliğatlarının dünya ictimaiyyətinin diqqətini həqiqətdən yayındırdığını, əslində məzlum və yerli deyil, qatil və gəlmə olan ermənilərin Cənubi Qafqaz və Anadolu torpaqlarında “böyük Ermənistan” yaratmaq iddiası kimi boş xəyallarından danışmışdır.
Xocalıda baş verənlərin insanlığa sığmadığı, faciəni törədənlərin cəzasız qalmasının təhlükəli olduğu, bu soyqırımına lazımi siyasi qiymətin verilməsinin bu cür faciələrin təkrarlanmaması baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.
Varşava Universitetinin aspirantı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar aparan Nataliya Konarjevska müvafiq slaydlar nümayiş etdirməklə iştirakçılara Qarabağ müharibəsinin region ölkələrinə vurduğu zərər, humanitar böhran, qaçqın və məcburi köçkün problemi və s. barədə məlumat vermiş, Azərbaycanın işğal edilmiş rayonlarının adlarını sadalamışdır. Tədbirdə, həmçinin çıxış edən səfirlik əməkdaşı Ülfət Maçanov Xocalı hadisələrinin insanlıq əleyhinə cinayət olması barədə məlumat vermişdir. Çıxış zamanı müvafiq slaydlar nümayiş etdirilmişdir.
Sonra “Erməni terrorizmi” (“Armenian terrorism”) adlı sənədli film göstərilmişdir.
Tədbirin sonunda “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış klip nümayiş etdirilmişdir.
Mərasimin keçirildiyi zalda Xocalı faciəsinin dəhşətli görüntülərini əks etdirən fotoşəkillər və beynəlxalq mətbuat nümayəndələrinin məqalələrindən ibarət sərgi təşkil edilmişdir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış petisiyanı 42 iştirakçı imzalamışdır. İmza vərəqi petisiya ilə birlikdə poçt vasitəsilə Polşanın və Avropa İttifaqının rəhbər qurumlarına göndəriləcəkdir.
Tədbirdə müvafiq təbliğat-təşviqat materialları - polyak dilində “Erməni mifi; Dağlıq Qarabağ - xəbərlər, faktlar, rəqəmlər”, ingilis dilində “Xocalı soyqırımı - milyon imza, bir tələb”, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Dağlıq Qarabağ haqqında həqiqi faktlar” silsiləsindən kitabçalar, “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış klipin diskləri, kampaniyanın loqosunun əks olunduğu köynəklər, həmçinin “Azərbaycan haqqında məlumat - 2007” və Polşa yazıçısı Vitold Mixalovskinin “Heydər Əliyev haqqında söz” kitabları və digər materiallar paylanmışdır.
Polşa ictimaiyyətində Xocalı faciəsi ilə bağlı məlumatlılığın artırılması məqsədi ilə əyani vəsaitlərdən geniş istifadə edilmişdir. Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən polyak və ingilis dillərində hazırlanmış məlumatlar poçt vasitəsilə yüzlərlə ünvana göndərilmişdir. Bundan başqa, sözügedən məlumatlar konsulluq şöbəsinin qəbul otağında digər təbliğat materialları ilə birlikdə viza üçün müraciət etməyə gəlmiş şəxslər arasında yayılmışdır. Tədbir zalında hər bir oturacağın üzərinə “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış müraciətin mətni, Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini əks etdirən xəritə və s. qoyulmuşdur.