“Xocalı yol gözləyir” musiqili-bədii rekviyem-kompozisiyanın çəkilişi başa çatmışdır
Bakı, 24 fevral (AZƏRTAC). “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Xocalı soyqırımının 20 illiyinə həsr etdiyi ən böyük layihələrdən olan “Xocalı yol gözləyir” musiqili-bədii rekviyem-kompozisiyanın çəkilişi və montaj işləri başa çatmışdır. “Qarabağ” studiyasında reallaşan bu kompozisiya Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin eyniadlı poeması əsasında hazırlanmışdır. Kompozisiyanın bəstəkarı dünya şöhrətli bəstəkarımız Qara Qarayevin tələbəsi Azad Zahiddir.
Abdulla Qurbani AZƏRTAC-a bildirmişdir ki, musiqili-bədii rekviyem-kompozisiyada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Cahangir Cahangirov adına xoru (bədii rəhbər və drijor Şəhla Ələkbərova), “Muğam” televiziya müsabiqəsinin qalibləri, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının xoreoqrafiya qrupu (rəhbəri Zöhrab İmamquliyev), Akademik Milli Dram və Bələdiyyə teatrlarının aktyorları - xalq artistləri İlham Əsgərov, Vaqif Əliyev, əməkdar artistlər Səmayə Sadıqova, Hüsniyyə Mürvətova, Elxan Rzayev, istedadlı vokal ifaçıları Ramil Qasımov, İlahə Əfəndiyeva və başqaları iştirak edirlər.
Rekviyem-kompozisiyada 20 il öncə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə törədilmiş Xocalı soyqırımı bədii formada təqdim olunur. Kütləvi səhnələrlə zəngin layihənin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Etibar Babayev, quruluşçu operatoru Eldar Məmmədov, rejissorları isə Rəsul Ələkbərov və Elnur Məmmədovdur.
“Xocalı yol gözləyir” rekviyem-kompozisiyası fevralın 26-da Azərbaycan Teleradiosunda və “Mədəniyyət” kanalında nümayiş olunacaqdır.