“Xocalıya ədalət!” “Azərbaycana ədalət!” deməkdir
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Respublikası Hökuməti yanında İctimai İdarəçilik Akademiyası Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən konfrans keçiriblər. Konfrans çərçivəsində Moldovanın tarixçi alimi Ruslan Şevçenkonun bu ölkənin dövlət dilində nəşr olunmuş “Ermənistan-Azərbaycan münaqişəsi: tarix və müasirlik” kitabının təqdimatı keçirilib.
Moldova Respublikası Hökuməti yanında İctimai İdarəçilik Akademiyasında keçirilən tədbirdə ölkənin daxili işlər naziri Oleq Balan, Qara Dəniz Əməkdaşlığı Təşkilatının Parlament Assambleyasının katibi Asəf Hacıyev, Türkiyənin Moldova Respublikasındakı səfiri Mehmet Salim Kartal, Gürcüstanın Moldova Respublikasındakı səfiri Merab Antadze, Moldova Ombudsmanı Aureliya Qriqoriu, İctimai İdarəçilik Akademiyasının prorektoru Andrey Qroza, Ukrayna hökuməti yanında Odessa Regional Dövlət İdarəçilik İnstitutunun kafedra müdiri Valentina Krivtsova, tanınmış israilli politoloq Arye Qut, Moldova politoloqu Andrey Andriyevski, tarixçi alim Ruslan Şevçenko və başqaları iştirak ediblər.
Mərasimdə Azərbaycanın Moldovadakı səfiri, tarix elmləri doktoru, professor Namiq Əliyev çıxış edib.
Səfir Xocalı və digər ərazi münaqişələri qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif edib.
Namiq Əliyev vurğulayıb ki, Xocalı faciəsi xalqımızın yaddaşında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi boyu ermənilər tərəfindən törədilən ən dəhşətli soyqırımı aktı kimi iz qoyub.
Ermənilərin vəhşiliyi nəticəsində Xocalının 613 sakini öldürülüb, 487 nəfər əlil olub, 1275 qoca, uşaq və qadın əsir götürülərək müxtəlif işgəncələrə məruz qalıb. 150 nəfərin taleyi indiyədək məlum deyil. Xocalıda qətlə yetirilənlərdən 106 nəfəri qadın, 63-ü uşaq, 70-i qoca olub. Xocalı faciəsi nəticəsində 8 ailə tamamilə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 56 nəfər xüsusi qəddarlıqla öldürülüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında uğurlu və uzaqgörən strategiyadır. “Xocalıya ədələt!” mahiyyət etibarilə “Azərbaycana ədalət!” deməkdir. Bu kampaniyada iştirak etmək planetin hər bir sülhsevər insanının borcudur.
Səfir xüsusilə qeyd edib ki, dünyanın aparıcı ölkələri ərazi münaqişələrinin həllində və insan hüquqlarının müdafiəsində beynəlxalq hüquqa etinasızlıq göstərərək və ikili standartlar tətbiq edərək Ermənistan siyasətçiləri tərəfindən Qafqazda həyata keçirilən etnik təmizləməni və monoetnik zonanın yaradılmasını “görmürlər”. Buna görə də təsadüfi deyil ki, “bumeranq qanunu”na əsasən bu gün həmin ölkələrin özləri də belə problemlərlə qarşılaşırlar.
Tədbir çərçivəsində “Xocalıya ədalət!” çağırışına imza toplanıb.
Konfrans iştirakçıları üçün erməni faşistlərinin vəhşilikləri, onlar tərəfindən Xocalıda törədilən soyqırımı aktı barədə film nümayiş olunub.
Tədbir çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistan təcavüzü, Xocalı soyqırımı haqqında kitablar, broşürlər və jurnallardan ibarət sərgi nümayiş olunub.