ELM VƏ TƏHSİL
Xocəsəndə yeni uşaq bağçası istifadəyə verilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Bakı şəhərinin Xocəsən qəsəbəsində 348 nömrəli uşaq bağçasının açılışı olub.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Açılış mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova paytaxt Bakıda uşaq bağçalarının yüksək tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışıb. O, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib.
Nərminə Hüseynova çıxışı zamanı məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasının, məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılmasının əsas hədəflər sırasında olduğunu deyib. Diqqətə çatdırılıb ki, yeni istifadəyə verilən 140 yerlik uşaq bağçasında 30-dan çox şəhid övladı məktəbəqədər təhsilə cəlb olunub. Həmçinin BŞTİ-nin tabeliyində 342 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərdiyi və 2024-2025-ci tədris ilinə hazırlıq çərçivəsində 99, 347, 116, 348 və 257 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir-tikinti işlərinin yekunlaşdığı bildirilib.