YABANI TƏRƏVƏZ BİTKİLƏRİ ƏRZAQ MƏHSULLARI İSTEHSALI ÜÇÜN QİYMƏTLİ XAMMALDIR
Bu fikir biologiya elmləri doktoru, professor Mais Qasımovun və Gülər Qədirovanın “Elm” nəşriyyatında çapdan çıxmış “Ədviyyat və yabanı tərəvəz bitkilərinin ensiklopediyası” monoqrafiyasında xüsusi vurğulanır. Kitabda bildirilir ki, Azərbaycanda 400-ə yaxın yabanı tərəvəz bitkisi yayılmışdır. Qərbin bir sıra ölkələrində əsərdə bəhs olunan bitkilər geniş ərazilərdə əkilib-becərilir. Həmin ölkələrdə yabanı bitkilər mədəni hala keçirilmiş, min hektarlarla sahədə əkilmişdir. Bu qiymətli xammaldan geniş miqyasda müxtəlif qida məhsulları, konservlər, salat və şərbətlər, şirə və pəhriz yeməkləri istehsal edilir.
Mais Qasımov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, insanların qidalanmasında və sağlamlığında mühüm əhəmiyyəti olan bu bitkilərin ölkəmizdə də plantasiyalarını yaratmaq və həmin xammal əsasında müxtəlif qida məhsulları istehsal edərək daxili və xarici bazara çıxarmaq olar. ABŞ və Yaponiya alimlərinin fikrincə, yabanı tərəvəz bitkilərindən qida məhsulu kimi istifadə edildikdə, hələlik müalicəsi olmayan bir sıra xəstəliklərin qarşısını almaq mümkündür. Yabanı tərəvəz bitkilərinin emalının təşkil olunması, həm də olkəmizdə çoxlu yeni iş yerləri yaratmağa imkan verərdi.
Kitabda yabanı tərəvəz bitkilərindən minə yaxın müxtəlif xörəklər hazırlamaq qaydaları haqqında geniş məlumat verilir.