“YADDAN ÇIXMAZ QARABAĞ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qeyd etmişdir ki, biz Qarabağ münaqişəsi və erməni terrorizmi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq sahəsində ardıcıl, hərtərəfli iş aparmalıyıq. Doğrudur, ölkəmizdə ermənilərin işğalçılıq siyasəti ilə əlaqədar müəyyən işlər görülmüşdür. “Şuşa” kitabı 12 dildə nəşr olunaraq yayılmış, Qarabağ münaqişəsi mövzusunda xeyli əsər yazılmışdır. Təəssüf ki, onların heç də hamısı xarici dillərə tərcümə olunmamışdır. Bundan əlavə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və diasporunun köməyi ilə müxtəlif mədəni-kütləvi tədbirlər də keçirilmişdir. Həmin tədbirlərdə erməni terrorçuluğundan, daşnakların xalqımızın və mədəniyyətimizin başına açdıqları müsibətlərdən ətraflı danışılmışdır. Bütün bunlara baxmayaraq, dünya ictimaiyyəti, beynəlxalq aləm hələ də ermənilərin əsil simasından, Qarabaq münaqişəsinin mahiyyətindən kifayət qədər xəbərdar deyillər. Ə.Vəliyev İncəsənət Həftəsinin qarşıdakı illərdə də davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Natiq bu yaxınlarda Qarabağla əlaqədar çap olunmuş yeni nəşrləri iştirakçılara nümayiş etdirmişdir.
Tədbirdə Milli Məclisin deputatları Aqil Abbas, Havva Məmmədova, habelə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, dirijor Yalçın Adıgözəlzadə, Milli konservatoriyanın rektoru, bəstəkar Siyavuş Kərimi və başqaları çıxış etmişlər. Tədbirin əhəmiyyətini diqqətə çatdıran natiqlər belə müzakirələrə xarici dövlətlərin ölkəmizdə təhsil alan vətəndaşlarının da dəvət olunması təklifini irəli sürmüşlər.
Şuşanın bugünkü vəziyyətindən söz açılan dəyirmi masada bildirilmişdir ki, Qaladakı 17 məsciddən yalnız üçü qalmışdır. Ondan da ermənilər kilsə kimi istifadə edirlər.
Tədbirdə belə bir ümumi fikir səsləndirilmişdir ki, Qarabağ münaqişəsindəki həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün ardıcıl iş aparılmalıdır.