YAP İSMAYILLI RAYON TƏŞKİLATININ ON BİR İLLİYİ QEYD OLUNMUŞDUR
Rayon təşkilatının sədr əvəzi Akif Xıdırov yığıncaqda məruzə ilə çıxış edərək vurğuladı ki, tarixi zərurətdən və xalqın istəyindən yaranan partiya ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında qısa vaxt ərzində formalaşaraq, ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. İsmayıllıda da müstəqil düşüncəli, milli qürurlu insanları ətrafında birləşdirən təşkilatın yaranması labüd idi. Çünki ölkəmizin hər bir guşəsində olduğu kimi, bu rayonun sakinləri də müstəqil respublikamızın fəlakətlərdən xilasını, inkişaf yoluna çıxmasını dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ətrafında birləşməkdə, onun yenidən hakimiyyətə qayıdışında görürdülər.
Rayonun sosial-iqtisadi inkişafında partiya üzvlərinin rolundan danışan məruzəçi bildirdi ki, hazırda təşkilat 5396 nəfəri birləşdirir, təkcə ötən il 185 yeni üzv qəbul olunmuşdur. Ötən dövr ərzində respublikada keçirilən prezident, parlament və bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbəsi, rayon təşkilatı üzvlərinin bu siyasi kampaniyalarda fəallığı xüsusi vurğulandı, qarşıda duran məsələlərdən danışıldı.
Yığıncaqda çıxış edənlər təşkilatın fəaliyyətinin ayrı-ayrı məqamlarına toxundu, onun işinin daha da gücləndirilməsi üçün təkliflərini söylədilər.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Vüqar Rəhimzadə yığıncaqda çıxış edərək, xalqın arzu və istəyini əməli işi ilə reallığa çevirən partiyanın siyasi qüvvələrə örnək olan rolundan danışdı. O bildirdi ki, Yeni Azərbaycan Partiyasının üzvləri müstəqil dövlətimizin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalmaqla ölkəmizin gələcək inkişafında daha fəal iştirak edəcəklər. Heydər Əliyevin siyasi xəttinin ən layiqli davamçısı İlham Əliyevin böyük üstünlüklə prezident seçilməsi xalqın bu xətti dəstəkləməsini əyani surətdə təsdiqləyir.
Yığıncağın sonunda partiya sıralarına yeni qəbul olunanlara üzvlük biletləri təqdim olundu.