SİYASƏT
YAP Nəsimi rayon təşkilatı Zəfər Günü münasibətilə tədbir keçirib
Bakı, 8 noyabr, AZƏRTAC
YAP Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zəfər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, qazilər, ali təhsil müəssisələrinin, rayonun inzibati orqanlarının rəhbərləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü və Vətən müharibəsində canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Nəsimi rayon təşkilatı sədri Azər Süleymanov Zəfərin tarixi əhəmiyyəti barədə çıxış edərək bildirdi ki, bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ həlli daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Tədbirdə iştirak edən şəhid ailələri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbir konsert proqramı ilə davam etdirildi.
Tədbirdən sonra Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanıldı.
Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşdı.