YAP QƏBƏLƏ RAYON TƏŞKİLATININ V KONFRANSI KEÇİRİLMİŞDİR
Əvvəlcə konfrans iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmişlər.
Təşkilatın sədri Əhmədiyyə Məmmədov hesabat məruzəsi ilə çıxış edərək, partiyanın yaradıcısı ümummilli liderimiz Heydər Əliyevin xalqımız, müstəqil Azərbaycan dövləti qarşısındakı xidmətlərindən danışmışdır. Natiq vurğulamışdır ki, yarandığı vaxtdan ötən 12 il ərzində YAP respublikamızın ən aparıcı siyasi təşkilatına çevrilmiş və Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında misilsiz rol oynamışdır.
400-dən çox üzvün iştirak etdiyi konfransda çıxış edənlər partiyanın xalq arasında qazandığı nüfuzdan, rayon təşkilatının Heydər Əliyev ideyalarının təbliği və öyrənilməsi sahəsindəki fəaliyyətindən, son vaxtlar Qəbələnin sosial-iqtisadi həyatındakı yeniliklərdən danışmışlar. Bildirilmişdir ki, ilin ötən altı ayı ərzində artıq 1200 iş yeri yaradılmışdır. Yaxın gələcəkdə daha 7 min iş yerinin açılması planlaşdırılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxışında regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq görülən işlər barədə məlumat vermişdir.
Konfransda təftiş komissiyasının məlumatı dinlənilmiş, təşkilat məsələsinə baxılmışdır. Əhmədiyyə Məmmədov yenidən YAP rayon təşkilatının sədri seçilmişdir. Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Konfransda YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov, Milli Məclisin deputatı Fəttah Heydərov iştirak etmişlər.