Yaponiya arxipelaqı boyunca daha güclü yağışlar gözlənilir
Tokio, 9 iyul, AZƏRTAC
Yaponiya əhalisi qarşıdan gələn günlər ərzində ölkənin qərb və şərq regionlarında daha güclü yağışlara hazırlaşır. Artıq beş gündür ki, davam edən güclü yağışlar ölkənin bir çox prefekturalarında daşqın və torpaq sürüşmələri kimi ciddi fəsadlar törədib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ötən həftənin şənbə günü Kyuşü adasından başlayan güclü yağışlar arxipelaq boyunca hərəkət edərək Qifu, Naqano, Oita və Osaka prefekturalarına çatıb. Təbii fəlakət nəticəsində ölənlərin sayının 63 nəfərə çatdığı bildirilir, daha 16 nəfər itkin düşüb.
Axtarış-xilasetmə qüvvələri təhlükənin artıq sovuşduğu Kumamoto, Kaqoşima və Fukuoka prefekturalarında çətin vəziyyətə düşmüş yerli əhaliyə yardımı və axtarış-xilasetmə işlərini davam etdirir. Ən çox ziyan dəymiş Kumamoto prefekturasının iki şəhərində ətraf aləmlə əlaqəsi kəsilmiş sakinlərlə əlaqənin bərpası istiqamətində iş aparılır.
Nazirlər Kabinetinin baş katibi Yoşihida Suqanın bildirdiyinə görə, təbii fəlakətin böyük ziyan vurduğu ərazilərdə həyatın bərpası üçün lazım olan bütün addımlar atılır.
Güclü yağışların şimal-şərq istiqamətində hərəkət etdiyini qeyd edən Y.Suqa yerli əhalini ehtiyatlı olmağa, hökumət strukturlarının çağırışlarına əməl etməyə çağırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio