Yaponiya Fukuşima AES-dən suyun növbəti hissəsini okeana axıtmağa başlayıb
Pekin, 6 oktyabr, AZƏRTAC
Yaponiyada 2011-ci il zəlzələsi nəticəsində yaranmış sunamidən sonra qəzalı vəziyyətə düşən Fukuşima atom elektrik stansiyasının operatoru olan “Tokyo Electric Power” (TEPCO) enerji şirkəti radioaktiv maddələrdən təmizlənmiş suyun ikinci partiyasını okeana axıtmağa başlayıb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, ikinci mərhələdə dənizə gündə 460 tona yaxın su axıdılması planlaşdırılıb. Prosesin 20 günədək başa çatması gözlənilir.
TEPCO Fukuşima AES-in suyunun dənizə axıdılmasını gələn il martın sonunadək başa çatdırmağı hədəfləyib. Dörd mərhələdən ibarət prosesin gedişində okeana təxminən 31,2 min ton təmizlənmiş su axıdılacaq. Şirkət AES-in reaktorlarının soyudulması üçün istifadə olunmuş 1,34 milyon ton suyu qarşıdakı 30 il ərzində okeana axıtmağı planlaşdırıb ki, bu da stansiyanın su ehtiyatının 98 faizi deməkdir.
Qeyd edək ki, Fukuşima AES-in suyunun dənizə axıdılmasının ilk mərhələsi avqust-sentyabrda baş tutub. Tokio bəyan edib ki, radioaktiv maddələrdən təmizlənən, lakin tərkibində hələ də tritium (hidrogenin radioaktiv izotopu) olan suyun tərkibindəki zərərli maddələrin miqdarı standartlardan xeyli aşağıdır və okeanın ekosistemi üçün zərərsizdir.
Yaponiya və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) mütəxəssisləri suyun ilk partiyası dənizə axıdılandan sonra sudan və balıqlardan götürülmüş nümunələrin analizinin nəticələrinin normalara uyğun olduğunu açıqlayıb. Bununla belə, qonşu ölkələr, xüsusən də Çin və Rusiya Fukuşima AES-in suyunun okeana axıdılmasına qarşı çıxır. Rəsmi Pekin IAEA-nın müsbət rəyini şübhə altına alaraq, suyun okeana buraxılmasının dərhal dayandırılması barədə bir neçə dəfə xəbərdarlıq edib. Hətta Çin Yaponiyadan dəniz məhsullarının idxalına qadağa tətbiq etməyə başlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin