Yaponiya portalı Azərbaycanda Milli Qurtuluş Gününün qeyd olunması ilə bağlı məlumat yayıb
Tokio, 15 iyun, AZƏRTAC
Yaponiyanın “ajmedia.jp” portalı iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Gününün qeyd olunması ilə bağlı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatda həmin günün müasir Azərbaycan dövlətinin tarixində oynadığı mühüm rol barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, 70 il Sovet İttifaqının tərkibində olan Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etsə də daxildə hakimiyyət uğrunda mübarizə və qonşu Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində ölkə ağır vəziyyətə düşmüşdü. İctimai həyatın bütün sahələrində xaos və qarışıqlıq hökm sürürdü. Azərbaycanda hakimiyyət böhranı müşahidə olunurdu. Belə bir vaxtda fərdlər və qruplar arasında da hakimiyyət uğrunda mübarizə gedirdi.
Vurğulanır ki, bütün bunların nəticəsində 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yarandı. Ümummilli lider Heydər Əliyev çətin günlərdə xalqın təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi. Onun səyləri sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı.
Bildirilir ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Azərbaycan parlamenti 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Məlumatda qeyd edilir ki, Azərbaycan xalqı Ermənistan işğalına son qoyan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı qələbəsindən sonra Milli Qurtuluş Gününü ölkənin ərazi bütövlüyü kontekstində qeyd edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio