Yaponiya portalı: Buxarest Sazişi Avropanın enerji təminatına mühüm töhfə verəcək
Tokio, 19 dekabr, AZƏRTAC
Yaponiyanın “ajmedia.jp” portalı dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə dair məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban tərəfindən imzalanan Sazişdə bərpaolunan enerji mənbələrindən alınacaq elektrik enerjisinin Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına nəqlinin nəzərdə tutulduğu bildirilir. Qeyd edilir ki, layihə Avropa İttifaqının elektrik enerjisi ilə təchizatına mühüm təsir göstərəcək.
Yazılarda Prezident İlham Əliyevin imzalanma mərasimində Azərbaycanın Avropanın yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırdığını bildirdiyi qeyd edilir. Azərbaycan Prezidentinə istinadla vurğulanır ki, Buxarest Sazişi “yaşıl enerji” təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sənəddir.
Məlumatlarda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Rumıniya Prezidenti Klaus Yohannisin iştirakı ilə imzalanan sazişin Aİ ilə Azərbaycan arasında bağlanmış enerji sazişlərinin bir hissəsi olduğu da qeyd edilir.
Həmçinin yazılarda ötən günlərdə SOCAR ilə “Romgaz” şirkətlərinin gələn il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya təbii qazın təchizatı barədə müqavilə imzaladığı da xatırladılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio