Yaponiya və Böyük Britaniya təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirmək barədə razılığa gəliblər
Tokio, 4 fevral, AZƏRTAC
Yaponiya və Böyük Britaniya təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirmək yolu ilə azad və açıq Hind-Sakit okean regionunu dəstəkləmək barədə razılığa gəliblər.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə razılıq Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi və müdafiə naziri Nobuo Kişinin britaniyalı həmkarları Dominik Raab və Ben Uolles arasında keçirilən onlayn görüş zamanı əldə edilib. Qeyd edilib ki, bu tərəflər arasında “2+2” formatında keçirilən sayca dördüncü görüşdür.
Hər iki tərəfin eyni prinsipləri və dəyərləri bölüşdüyünü qeyd edən T.Moteqi indiki dövrdə azad və açıq beynəlxalq qaydaların möhkəmləndirilməsi üçün ikitərəfli əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Yaponiyanın müdafiə naziri N.Kişi isə Çinin Sahil Mühafizəsi Xidmətinə silah tətbiq olunmasına icazə verən qanunun qəbulundan narahatlığını ifadə edib. O bildirib ki, beynəlxalq hüququ pozan bu qanun tətbiq olunmamalıdır.
Görüş zamanı nazirlərin Şərqi-Çin və Cənub-Çin dənizlərində yaranmış vəziyyətdən narahatlıqlarını bildirdikləri və mövcud status-kvonun pozulması üçün istənilən cəhdi pislədikləri qeyd edilib.
Britaniya tərəfi, həmçinin Kral hərbi-dəniz qüvvələrinin “Kraliça Elizabet” təyyarə daşıyan gəmisini Şərqi Asiyaya göndərmək niyyətində olduğunu da bildirib. Bu qərarı alqışlayan Yaponiya tərəfi onun Hind-sakit okean regionunda təhlükəsizliyin təmin olunmasına töhfələr verəcəyini açıqlayıb.
Nazirlər regionda təhlükəsizliyin təmin olunması üçün ikitərəfli hərbi təlimlərin təşkilinin zəruriliyini də qeyd ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio