Yardımlıda sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə Yardımlı rayonunda “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya təşkil olunub. Həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib.
AHİK-dən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzi Xəstəxanada baş tutan müayinələr zamanı 5 müxtəlif istiqamət üzrə peşəkar həkim heyəti tərəfindən tibbi baxışlar həyata keçirilib.
Bildirilib ki, iki gün ərzində ümumilikdə 435 rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib. Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
“Həmkardan həmkara qayğı ilə” layihəsi ucqar bölgələrdə yaşayan əhalinin tibbi xidmətlərə çıxış imkanlarının artırılması, onların sağlamlığının qorunması və dövlətimizin sosial siyasətinə töhfə vermək məqsədi daşıyır.
Qeyd edək ki, 2025-ci ilin aprel ayından start götürən layihə çərçivəsində indiyədək ümumilikdə 2685 vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb.