Yardımlıda Son Tunc-Erkən Dəmir dövrünə aid yaşayış məskənində arxeoloji qazıntılar aparılır
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycanın cənub-şərqində, Yardımlı rayonunun Keçələkəran kəndi ərazisində, Masallı-Yardımlı şose yolunun 41-ci kilometrliyində, yoldan sol tərəfdə, Viləşçayın sağ sahilində kəndə yeni çəkilən yol tikintisi zamanı aşkarlanmış yaşayış yerində ilk arxeoloji qazıntılara başlanılıb.
Bu barədə AZƏRTAC-a AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun aparıcı elmi işçisi dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi ekspedisiyanın məqsədi dağlıq bölgədə Son Tunc-Erkən Dəmir dövründə əhalinin məskunlaşmasının mərhələlərini izləməkdir. Bu baxımdan qazıntısı aparılan Viləşçay yaşayış yeri böyük əhəmiyyətə malikdir.
Abidədə aparılan ilkin tədqiqatlar 150 kvadratmetrdən artıq ərazini əhatə edir. Yaşayış yerinin mədəni təbəqəsinin qalınlığının 5 metrdən artıq olması bəhs olunan dövrdə arealda fasiləsiz, uzunmüddətli və intensiv yaşayışın olduğunu deməyə əsas verir. Bu xüsusiyyətləri şərtləndirən amillərdən biri də qədim yaşayış izlərinin məhz bol sulu Viləşçayın sahilində yerləşməsidir. Başlanğıcını Talış dağ silsiləsinin Quludaş zirvəsindən (2203 metr) götürən Viləşçayın uzunluğu 115 kilometrdir. Mülayim iqlimə, dəmyə əkinçiliyi üçün əlverişli mövqeyə və geniş otlaqlara sahib olan ərazidə maldarlıq, əkinçilik, sənətkarlıq kimi müxtəlif sahələrin inkişafı tendensiyası sürətlə baş verib. Yeni qazıntılar zamanı üzə çıxan çaydaşından ev bünövrələri, müxtəlif formalı və ölçülü təsərrüfat küplərinə məxsus fraqmentlər, məişətdə istifadə edilən incə hazırlanmış kiçik ölçülü və ya miniatür qablara məxsus qırıqlar, toxuculuqda istifadə olunmuş sümükdən iy başlıqları və s. təyinatlı əşyalar istehsal təsərrüfatında dulusçuluğun, məişətdə toxuculuğun inkişafını, iri və xırdabuynuzlu mal-qaraya məxsus çoxsaylı osteoloji qalıqlar isə maldarlığın geniş yayıldığını və ev təsərrüfatında üstün mövqeyə malik olduğunu göstərir.