Yasamal rayonunda narkotacir saxlanılıb
Bakı, 24 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat həyata keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş İdarəyə “Səyyad” adlı şəxsin narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Səyyad Kərimov Yasamal rayonunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 422 qram olan narkotik vasitə - heroin aşkarlanaraq götürülüb. S.Kərimov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində Baş İdarə əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.