CƏMİYYƏT
Yasamalda fəaliyyət göstərən satış obyektinin fəaliyyəti dayandırılıb
Bakı, 7 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 5 ünvanında fiziki şəxs Hüseynov Qəzənfər Əlmövsüm oğluna məxsus meyvə və tərəvəz məhsullarının satışı obyektində plandankənar yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.
Meyvə və tərəvəz məhsullarının satışı obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, obyektdə satışa təqdim edilən bəzi qida məhsullarının açıq hava şəraitində döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlanıldığı, işçinin dövri olaraq tibbi müayinədən keçmədiyi, sanitar geyim və fərdi mühafizə vasitələrindən istifadə edilmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Aşkar olunan uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, məhdudlaşdırıcı qərar qəbul edilərək ticarət obyektində qida məhsullarının satışı üzrə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.