ELM VƏ TƏHSİL
Yasamalda uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Paytaxtın Yasamal rayonunda 99 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi məktəbəqədər təhsilin davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsi olduğunu deyən Vəfa Yaqublu məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini diqqətə çatdırıb.
Vəfa Yaqublu məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirilməsinin ümumilikdə uşaqların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini də söyləyib.
Qeyd edək ki, yeni istifadəyə verilən 99 nömrəli körpələr evi-uşaq bağçasında 8 qrup fəaliyyət göstərir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 20 pedaqoji işçi məşğul olur.