“YAXT KLUB”DA SU İDMANI FESTİVALI
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və “British Council” təhsil mərkəzinin həyata keçirdiyi “Dostlar dəryası” layihəsi çərçivəsində avqustun 16-da “Yaxt Klub”da İsrail və Böyük Britaniyadan gələn gənclərlə görüş, habelə su idmanı növləri üzrə festival keçirilmişdir.
Tədbiri açan “British Council”ın Azərbaycandakı direktoru Əndi Uilyams idman və mədəniyyət sahəsini əhatə edən bu layihə çərçivəsində gəncləri bir araya gətirmək üçün görülmüş işlərdən danışmışdır.
Natiq layihənin məqsədinin Azərbaycan, İsrail və Böyük Britaniya gənclərini bir araya gətirərək, su idmanı növləri vasitəsi ilə mədəniyyət, dil və din sərhədlərini aradan qaldırmaqla, onları Olimpiya idealları ruhunda tərbiyələndirməkdən ibarət olduğunu bildirmişdir.
İsrail və Böyük Britaniya gənclərinin öz tərəf müqabilləri ilə görüşmək üçün Azərbaycana səfərə gəldiklərini xatırladan Ə.Uilyams, gənclərin yerli mədəniyyət nümunələri ilə tanışlığı üçün regionlara ekskursiyaları barədə danışmışdır.
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun Gənclər və İdman Nazirliyinin layihəyə göstərdiyi diqqət və dəstəyi qeyd edərək, layihənin məqsədləri haqqında danışmışdır.
Xanım Kerolin Braun cari il aprelin 10-14-də Azərbaycan və digər Avropa ölkələrindən olan 200 gəncin layihə çərçivəsində Makedoniyanın Ohrid şəhərində bir araya gəldiklərini xatırladaraq bildirmişdir ki, növbəti görüş avqustun 26-da Böyük Britaniyanın Bolton şəhərində, sonuncu tədbir isə avqustun 30-da İngiltərənin Mançestr şəhərində keçiriləcəkdir.
Natiq layihənin “Gənclər, İdman, Fəaliyyət” adlı qlobal təşəbbüsün bir hissəsi olaraq Azərbaycan, Albaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İsrail, Yunanıstan, Makedoniya, Macarıstan, Serbiya və Türkiyədə həyata keçirildiyini bildirmişdir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə ilk dəfə olaraq su idmanı növləri üzrə festival keçirildiyini nəzərə çarpdıraraq, tədbirin təşkilatçılarına nazirlik adından təşəkkürünü bildirmişdir. Natiq ümummilli lider Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğı göstərdiyini xatırlatmış, Prezident İlham Əliyevin gəncliyin inkişafına yönəlmiş uğurlu siyasətindən danışmışdır.
Sonra gənclər Azərbaycan, Böyük Britaniya və İsrailin dövlət himnlərini birgə ifa etmişlər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.