Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi
Bakı, 26 avqust, AZƏRTAC
Mülayim iqlim və orta fiziki fəallıq şəraitində böyüklər üçün adekvat ümumi su qəbulu qadınlarda gündə 2, kişilərdə 2,5 litr təşkil edir. Bu göstərici yalnız içilən suyu deyil, digər içkilər və qidaların tərkibində olan suyu da əhatə edir. Hamiləlikdə gündə təxminən 300, laktasiya dövründə isə təxminən 700 millilitr əlavə ümumi su ehtiyacı yarana bilər. Bununla belə, isti hava, intensiv fiziki fəallıq, açıq havada əmək, yüksək rütubət, qızdırma, qusma və ya ishal zamanı maye itkisi əhəmiyyətli dərəcədə arta bilər. Belə hallarda baza göstəricilər fərdi ehtiyacı tam əks etdirmir.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin müdir müavini İlqar Şamilov məlumat verib.
O bildirib ki, suya tələbat sabit rəqəm deyil: “İsti havalarda suyun gün ərzində müntəzəm qəbulu, susuzluq hissinin yaranmasını gözləməmək, həmçinin şəkərli içkilərin və alkoqolun məhdudlaşdırılması tövsiyə edilir. Sağlam böyüklərdə isti günlər üçün 2–3 litr maye praktik başlanğıc diapazon ola bilər, lakin bu rəqəm bədən kütləsi, tərləmə dərəcəsi və fəaliyyətə görə artırıla və ya azaldıla bilər.
İlqar Şamilov suyun praktik qəbul modeli barədə də məlumat verib. “Suyu günün bir hissəsində birdəfəyə deyil, səhərdən axşamadək kiçik və müntəzəm porsiyalarla qəbul edin. Günün əvvəlində su qəbuluna başlayın, açıq havaya çıxarkən və səfərdə etibarlı mənbədən doldurulmuş fərdi su qabı götürün. Açıq havada işləyən, məşq edən və çox tərləyən şəxslər maye qəbulunu fəaliyyətə başlamazdan əvvəl, fəaliyyət zamanı və sonrasında planlaşdırmalıdır. Uzunmüddətli və intensiv tərləmə zamanı yalnız su deyil, elektrolit itkisi də nəzərə alınmalıdır. Əksər gündəlik hallarda balanslı qidalanma kifayət edir; elektrolit məhlulları isə fərdi ehtiyaca və tibbi göstərişə əsasən seçilməlidir. Şəkərli qazlı içkiləri, enerji içkilərini və alkoqolu suyun alternativi hesab etməyin. Kofeinli içkilər ümumi maye qəbuluna daxil ola bilsə də, həddən artıq istifadəsi məqsədəuyğun deyil. Təhlükəsiz, içməli su istifadə edin. Mənşəyi və saxlanma şəraiti məlum olmayan su və buzdan çəkinin, birdəfəlik qablaşdırılmış suyun qapağının bütövlüyünü və etiketini yoxlayın”, - deyə o bildirib.
Adekvat hidratasiyanın sadə göstəricilərinə toxunan İlqar Şamilov qeyd edib ki, sidiyin açıq-samanı rəngdə olması əksər sağlam insanlarda adekvat hidratasiyanın praktik göstəricisidir: “Tünd sarı və kəskin qoxulu sidik, sidiyə çıxmanın azalması, ağız quruluğu, halsızlıq, baş ağrısı və başgicəllənmə maye çatışmazlığını düşündürə bilər. Lakin bəzi vitaminlər, dərmanlar və xəstəliklər sidiyin rəngini dəyişə bildiyindən bu göstərici təkbaşına diaqnostik meyar deyil. Ürək çatışmazlığı, böyrək xəstəliyi, qaraciyər xəstəliyi olan, ödemə meylli, sidikqovucu preparat qəbul edən şəxslər, körpələr, yaşlılar və hamilələr üçün maye miqdarı fərdiləşdirilməlidir. Həkim tərəfindən maye məhdudiyyəti qoyulmuş şəxslər isti havada su qəbulunu özbaşına artırmamalıdırlar. Qısa müddətdə həddən artıq su qəbulu da elektrolit pozuntusuna, o cümlədən hiponatremiyaya səbəb ola bilər”.