Yeganə Hacıyeva: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir
Bakı, 14 fevral, AZƏRTAC
Münxen Təhlükəsizlik Konfransı 1963-cü ildən etibarən qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynayan əsas beynəlxalq platformalardan biridir. Konfrans 2008-ci ildən cari adı ilə qlobal siyasi nizamın taleyinin müzakirə olunduğu əsas tribunalardan biri kimi çıxış edir. İlk onilliklərdə əsasən NATO ölkələrinin siyasi və hərbi elitasını bir araya gətirən bu platforma 1990-cı illərdən sonra Rusiyanın, ardınca isə Şərqi Avropa dövlətlərinin, Çin, Hindistan və Yaponiya kimi güc mərkəzlərinin iştirakı ilə faktiki olaraq çoxqütblü dünyanın təhlükəsizlik dialoquna çevrildi. Bu transformasiya təsadüfi deyildi. Beynəlxalq sistemin təkqütblü mərhələdən geosiyasi rəqabət mərhələsinə keçidi Münxen platformasında da açıq şəkildə əks olundu. Konfransın rəsmi məqsədi beynəlxalq əməkdaşlığın inkişafı, münaqişələrin qeyri-hərbi həlli yollarının axtarılması və qlobal risklərin təhlili kimi təqdim olunsa da, reallıq ondan ibarətdir ki, burada aparılan müzakirələr dünya güclərinin real niyyət və prioritetlərini üzə çıxarır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.
O bildirib ki, bütün bunlarla Münxen Təhlükəsizlik Konfransı artıq, sadəcə, təhlükəsizlik məsələlərinin müzakirə olunduğu məkan deyil, həm də güc balansının, təsir dairələrinin və geosiyasi xətlərin müəyyənləşdirildiyi siyasi laboratoriyadır. Əvvəllər beynəlxalq ictimaiyyət qlobal sülhün təminatını liberal demokratiya, insan haqları, bazar iqtisadiyyatı və çoxtərəfli əməkdaşlıq modelinin genişlənməsində görürdü. Soyuq müharibənin başa çatması ilə formalaşan optimist yanaşma belə bir inam yaratmışdı ki, ideoloji qarşıdurmaların zəifləməsi avtomatik olaraq davamlı sülhə gətirib çıxaracaq. Lakin son illərin geosiyasi reallıqları göstərir ki, beynəlxalq münasibətlər sistemində güc amili heç vaxt arxa plana keçməyib. Əksinə, xüsusilə Avropa məkanında təhlükəsizlik məsələləri yenidən hərbi-siyasi güc, strateji çəkindiricilik və nüfuz siyasəti prizmasından qiymətləndirilir. Liberal dəyərlər formal olaraq qəbul edilsə də, praktiki siyasətdə dövlətlərin davranışını müəyyən edən əsas faktor güc balansıdır. Bu mənada Münxen Təhlükəsizlik Konfransı təkcə dialoq platforması deyil, həm də beynəlxalq sistemdə idealizm və realizm arasında gedən mübarizənin barometri kimi çıxış edir.
“Dünya nizamı artıq yalnız dəyərlər üzərində deyil, gücün strukturlaşdırılmış və hesablanmış tətbiqi üzərində qurulur və Münxen bu transformasiyanın ən açıq şəkildə müşahidə olunduğu siyasi məkandır. “Xüsusi qeyd etdiyim məqam Konfrans çərçivəsində “Rəqəmsal təhlükəsizlik” mövzusuna həsr olunan panellərin artıq texniki müzakirə platforması deyil, strateji təhlükəsizlik gündəliyinin mərkəzi istiqamətinə çevrilməsidir. Çünki son illər rəqəmsal texnologiyalar, süni intellekt, böyük məlumat bazaları, sosial media alqoritmləri və kiberalətlər yalnız kommunikasiya və iqtisadiyyatı deyil, həm də siyasi hakimiyyətlərin, cəmiyyətlərin ictimai şüurunu və dövlət suverenliyinin strukturunu dəyişdirir. Yeni texnoloji vasitələr ənənəvi informasiya məkanını və təsəvvürünü dağıdaraq ictimai rəyə təsir imkanlarını yeni səviyyəyə qaldırıb. Bu isə təkcə dezinformasiya və kiberhücum risklərini artırmır, eyni zamanda, milli ideoloji dayaqları zəiflətmək, ictimai sabitliyi sarsıtmaq və dövlətlərin daxili siyasi proseslərinə müdaxilə etmək üçün sistemli alətə çevrilir. Buna görə hələ də ənənəvi qaydalara əsaslanan beynəlxalq nizam rəqəmsal müstəvidə hüquqi və institusional boşluqlarla üz-üzədir. Nəticədə lokal münaqişələr belə sürətlə regional və qlobal miqyas alır. Rəqəmsal müstəvidə qaydaların formalaşdırılması, etik çərçivələrin müəyyən edilməsi və kollektiv müdafiə mexanizmlərinin qurulması olmadan qlobal sabitliyin qorunması mümkün deyil. Münxen Təhlükəsizlik Konfransı isə bu proseslərin intellektual və siyasi koordinasiya məkanı kimi çıxış edir”, - deyə Y.Hacıyeva vurğulayıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü qeyd edib ki, son illər Bakının beynəlxalq sistemdə məsuliyyətli güc mərkəzi və güvənilə və proqnozlaşdırıla bilən aktor kimi etimad kapitalını əhəmiyyətli dərəcədə artırıb. Enerji və logistika marşrutlarını şaxələndirən Azərbaycan faktiki olaraq Avrasiyanın yeni qarşılıqlı bağlılıq konfiqurasiyasını formalaşdırır. Bu konfiqurasiyada Cənubi Qafqaz artıq sülh şərtləri formalaşan məkan deyil, Avropa ilə Asiyanın maraqlarının kəsişdiyi əsas geostrateji regionda çevrilib. Beləliklə, Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməklə dünyada nüfuzu artıran ölkə olmaqdan başqa, eyni zamanda, iqtisadi inteqrasiya, qarşılıqlı asılılıq və praqmatik əməkdaşlıq əsasında regional sabitliyin institusional mexanizmlərini yaradan ölkədir. Orta Dəhlizin inkişafı Azərbaycanı Avropa ilə Asiya arasında əsas nəqliyyat və logistika mərkəzi kimi rolunu artırır. Qeyd edim ki, bu kommunikasiya təşəbbüsləri və yeni marşrutlar təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət kəsb edir, çünki qlobal təchizat zəncirlərinin alternativ və təhlükəsiz xətt üzrə qurulması beynəlxalq sabitliyin mühüm elementidir. Azərbaycan bu prosesdə tranzit ölkə olmaqdan daha artıq rol oynayaraq, təşəbbüskar və koordinasiyaedici aktor kimi çıxış edir. Məhz bu reallıqlar fonunda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Avropanın və dünyanın bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, rəsmi şəxslər və aparıcı şirkətlərin rəhbərləri ilə keçirəcəyi ikitərəfli görüşlər xüsusi əhəmiyyət kəsb edir. Bu görüşlər Azərbaycanın regional təhlükəsizlik, enerji diplomatiyası və nəqliyyat-logistika təşəbbüsləri ilə bağlı mövqeyini daha geniş auditoriyaya çatdırmaq, strateji tərəfdaşlıqları şaxələndirmək və Cənubi Qafqazda davamlı sülh gündəliyini beynəlxalq səviyyədə möhkəmləndirmək baxımından mühüm platforma rolunu oynayır. Beləliklə, Azərbaycan bu gün yalnız enerji ixracatçısı deyil, həm də Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir. Bu baxımdan Azərbaycanın təşəbbüsləri regional çərçivələri aşaraq Avropa və Avrasiya təhlükəsizlik sisteminin mühüm elementinə çevrilib.