HEYDƏR ƏLİYEV - 100
“Yekaterinburq” Kitabxana Mərkəzində “Azərbaycan guşəsi” açılıb
Yekaterinburq, 10 may, AZƏRTAC
Mayın 10-da Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan Baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə “Yekaterinburq” Kitabxana Mərkəzində yenilənmiş “Azərbaycan guşəsi” açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Sverdlovsk vilayətinin Beynəlxalq Xarici İqtisadi Əlaqələr Nazirliyinin (BXİƏN) xarici iqtisadi əlaqələr və humanitar əməkdaşlıq departamentinin direktoru Yevgeni Losev, şəhər meriyasının mədəniyyət idarəsinin rəis müavini Lyubov Bondarenko, kitabxananın direktoru Alyona Vuqelman, RF XİN-nin Yekaterinburq nümayəndəliyinin əməkdaşları, diplomatik korpusun nümayəndələri, müxtəlif universitetlərin professor-müəllim heyəti, tələbələr və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları “Heydər Əliyev Baykal-Amur magistralının tikintisində” fotosərgisi ilə tanış olub, “Heydər Əliyev və elmə baxış” mövzusunda konfransda iştirak ediblər.
Konfransda kitabxananın direktoru A.Vuqelman, baş konsul vəzifəsini icra edən Ş.Mustafayev, BXİƏN-nin departament rəisi Y.Losev, şəhər meriyasının mədəniyyət idarəsinin rəis müavini L.Bondarenko, Ural Dövlət Mədən Universitetinin professoru Vladislav Belyaev, Ural Dövlət İqtisad Universitetinin dosenti Müşfiq Ağababayev və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Sverdlovsk vilayətindəki nümayəndəsi Toğrul Həsənzadə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, o cümlədən Sovet və Azərbaycan kitabxanaçılığına töhfələrindən, elmin və təhsilin inkişafındakı xidmətlərindən, gəncliyə daim göstərdiyi diqqət və qayğısından bəhs ediblər.
Çıxışlardan sonra Yekaterinburq Tibb Kollecinin azərbaycanlı tələbəsi Sofiya Bəxtiyarova fleytada Azərbaycan melodiyalarını səsləndirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq