Yekaterinburqda Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir
Moskva, 24 fevral (AZƏRTAC). Yekaterinburqda “Novotel” mehmanxanasının konfrans zalında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən təşkil olunmuşdur.
Əvvəlcə tədbirin iştirakçıları Xocalı faciəsinin günahsız qurbanlarının nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Heydər Əliyev Fondunun sənədli filmi nümayiş etdirilmişdir.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov öz çıxışında Azərbaycanda əhalisi erməni silahlı dəstələrinin qurbanı olmuş Xocalı şəhərinin faciəsindən ətraflı söhbət açmışdır. O demişdir ki, bəşəriyyətə qarşı törədilmiş bu müdhiş cinayət nəticəsində 613 adam, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca vəhşicəsinə öldürülmüş, yüzlərlə adam yaralanmış və itkin düşmüşdür.
Sultan Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı faciəsinin iyirminci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətini xüsusilə qeyd etmişdir. O demişdir: Dövlətimiz Xocalı hadisələri haqqında həqiqətin yayılması məsələsinə çox böyük önəm verir və çalışır ki, dünya birliyi bu cinayətin ədalətli mənəvi-hüquqi qiymətini versin. Diplomat demişdir: “Bu ümummilli missiyanı ictimai hərəkat - Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəni dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası fəal surətdə yerinə yetirir”. Son illər bu iş dünyanın 35-dən çox ölkəsində müvəffəqiyyətlə həyata keçirilir. Baş konsul həmçinin demişdir ki, bu il Xocalı faciəsinin 20-ci ildönümü Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100-dən çox şəhərində qeyd edilir. Səfirliklərin, konsulluqların, diplomatik nümayəndəliklərin və diaspor təşkilatlarının xətti ilə Heydər Əliyev Fondunun təşviqat materialları əsasında soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilir.
Axırda Sultan Qasımov Xocalı şəhəri əhalisinin dünya birliyinə müraciətini oxumuşdur.
Tədbirdə çıxış etmiş Yekaterinburq qubernatorunun müşaviri Vadim Dubiçev Azərbaycan xalqının bu faciəsindən təəssüfləndiyini bildirmişdir. O demişdir ki, bəşəriyyət belə faciələrin təkrarlanmaması üçün var qüvvəsini sərf etməlidir.
ÜAK Sverdlovsk regional şöbəsinin sədri Şahin Şıxlinski, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üzvləri və ictimaiyyətin nümayəndələri “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsinə tərəfdar çıxmışlar. Onlar Leyla xanım Əliyevanın və Heydər Əliyev Fondunun fəaliyyətini dəstəklədiklərini bildirmişlər.
Foyedə Xocalı faciəsindən bəhs edən fotosərgi təşkil olunmuşdur. Tədbirin iştirakçılarına kitablar, jurnallar, broşürlər paylanmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva