Yekaterinburqda Zəfər Gününə həsr olunan tədbir keçirilib
Yekaterinburq, 5 noyabr, AZƏRTAC
Azərbaycanın Yekaterinburq şəhərindəki Baş Konsulluğunda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş fotosərgi və qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Baş Konsulluğun əməkdaşları, Yekaterinburqda təhsil alan azərbaycanlı tələbələr və gənc fəallar iştirak ediblər. İştirakçılar 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, onların xatirəsinə həsr olunmuş stendlə və işğaldan azad edilmiş şəhər və rayonlarımızı əks etdirən fotosərgi ilə tanış olublar.
Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbənin xalqın birliyi, əzmi və iradəsi nəticəsində mümkün olduğunu bildirib. O, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bu qürurverici günlərdə nümayiş etdirdiyi həmrəyliyi, gənclərin informasiya məkanında göstərdiyi fədakarlıqları vurğulayıb, Qələbə ruhunun gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən gənclər Vətən müharibəsi dövründə yaşadıqları hisslərdən, Qələbə sevinclərindən danışıb, müharibə iştirakçısı olan yaxınlarının xatirələrini bölüşüblər.
Sonra “Şuşa, sən azadsan!” filmi nümayiş etdirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq