Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunda öndə gedən təşkilatdır
Bakı, 8 avqust (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı 2014-cü ilin ilk yarımilliyində görülən işlərlə bağlı hesabat tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açıq elan edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov 2014-cü ilin ilk yarısında Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafının təmin edildiyini, müxtəlif əhəmiyyətli layihələrin icra edildiyini qeyd edib. O bu uğurların qazanılmasında Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi, ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığını bildirib. Rayon Partiya Təşkilatının sədri 2014-cü ildə görülmüş işlərdən danışaraq ilk yarımillikdə Rayon Partiya Təşkilatının məhsuldar işlədiyini, görülən işlərin partiyanın sədri Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına, partiyanın Nizamnamə və Proqramına uyğun aparıldığını qeyd edib. Rayon Partiya Təşkilatının sədri hesabat dövründə partiya üzvlərinin kəmiyyət deyil, keyfiyyət prinsipi üzrə artırılması istiqamətində işlərin aparıldığını, hazırda Rayon Partiya Təşkilatının 14358 üzvünün olduğunu və bu üzvlərin 216 ərazi ilk partiya təşkilatında birləşdiyini bildirib. Qarşıdan gələn bələdiyyə seçkilərinə toxunan sədr seçkilərdə partiyanın qələbə qazanması naminə görüləcək işləri qeyd edib. Ramiz Göyüşov YAP Binəqədi Rayon Təşkilatının gələcəkdə də müxtəlif maarifçi və humanitar tədbirlər keçirəcəyini, partiya işinin daha da inkişaf etdiriləcəyini qeyd edib.
Hesabat məruzəsi ilə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov Rayon Partiya Təşkilatının 2014-cü ilin I rübündə gördüyü işlərdən, reallaşdırılmış tədbirlərdən danışıb. O bu müddət ərzində bir sıra maarifçi tədbirlərin keçirildiyini, gənclərlə daimi olaraq müvafiq işin aparıldığını qeyd edib. Q.Qafarov hesabat dövründə mətbuatla əlaqələrin sıx qurulduğunu və keçirilmiş tədbirlər haqda ümumilikdə 140-dan çox məqalənin çap olunduğunu bildirib.
Sonra çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Qüdsi Bayramov hesabat dövründə gənclərlə bağlı işlərdən danışıb, partiya sıralarına qoşulan gənclərin müxtəlif təlimlərdə iştirakı, onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı ekskursiyaları, görülən işləri qeyd edib. O, Binəqədi gənclərinin YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsində fəal iştirak etdiyini qeyd edib.
YAP Binəqədi Rayon Qadınlar Şurasının sədri Aytac Əliyeva çıxış edərək Qadınlar Şurasının hesabat dövründə gördüyü işlərdən bəhs edib. O, müxtəlif ərazi ilk partiya təşkilatlarında qadın partiya üzvləri ilə mütəmadi görüşlərin keçirildiyini, Qadınlar Şurasının həyata keçirilən tədbirlərdə aktiv iştirak etdiyini diqqətə çatdırıb.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyət başçısının müavini Vüsar İsmayılov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikanın sürətlə inkişaf etdiyini, Bakının nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini bildirdi. V.İsmayılov təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının günümüzün aparıcı təşkilatı, siyasi qüvvəsi və ümumilikdə Cənubi Qafqaz regionunda öndə gedən təşkilat olduğunu qeyd edib. Natiq 2015-ci ilin iyun-iyul aylarında keçiriləcək “Bakı 2015” ilk Avropa oyunları ərəfəsində Binəqədi rayonunda cari ilin iyul ayından etibarən icra olunan “Təmiz Binəqədi” layihəsi haqda danışıb, layihənin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 19 iyun 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunduğunu və hazırda uğurla icra olunduğunu qeyd edib. O Binəqədi rayonunda aparılan abadlıq və quruculuq işlərində YAP Binəqədi Rayon Təşkilatının fəal iştirak etdiyini bildirib.
Sonra tədbirdə YAP Binəqədi Rayon Təşkilatı Şura İclasının Qərarı oxunub, 2014-cü ilin ikinci yarımilliyi üzrə Fəaliyyət Planı qəbul olunub.