“Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” mövzusunda tədbir keçirilib
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” mövzusunda tədbir keçirilib.
Partiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
YAP-ın Veteranlar Şurasının və partiyanın Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu, zəngin irsi barədə danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası ötən dövr ərzində şərəfli yol keçərək ümumxalq partiyasına çevrilib. Hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir.
Dahi Heydər Əliyevin genişmiqyaslı fəaliyyətinin alternativsiz dövlətçilik məktəbi olduğunu deyən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ulu Öndər müstəqil Azərbaycanın qurucusudur. Ümummilli Liderin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması müasir dövlətçilik tariximizdə əlamətdar hadisədir. Hazırda isə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müasir Azərbaycan tarixinin böyük bir dövrünün dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu deyib. Vurğulayıb ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dönəmində Azərbaycan bütün sahələrdə misilsiz inkişaf yolu keçib. Dahi Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində isə Azərbaycan regionun lider dövlətinə çevrilib.
Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, “91-lər”dən, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov və YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev Ulu Öndər Heydər Əliyevin çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki əvəzsiz xidmətləri barədə danışıblar. Vurğulanıb ki, Heydər Əliyev müdrikliyi ölkəmizin sabitlik, inkişaf və müasirlik yolunu müəyyən edən əsas strateji xətt kimi bu gün də aktuallığını qorumaqdadır. Hazırda isə onun siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilir.
Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda bədii hissə nümayiş etdirilib.