Yeni İpək Yolu layihəsi Şərq və Qərb sivilizasiyaları arasında dialoq üçün yaxşı nümunədir
Bakı, 27 aprel, AZƏRTAC
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Yeni İpək Yolu: Sülhə aparan yol” mövzusunda əməkdaşlıq toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə layihə ilə bağlı videofilm nümayiş olunub. Filmdə İpək Yolu üzərində yerləşən ölkələrin mədəniyyəti, iqtisadiyyatı, infrastrukturu, turizm imkanları barədə məlumat verilib.
Toplantıya videobağlantı ilə qoşulan Sülh Mədəniyyəti Fondunun sədri Federiko Mayor Yeni İpək Yolu layihəsini Şərq və Qərb sivilizasiyaları arasında dialoq üçün yaxşı nümunə kimi dəyərləndirib.
Əməkdaşlıq toplantısının moderatoru UNESCO-nun ispaniyalı əlaqələndiricisi Joze Maria Çiquillo Sivilizasiyalar Alyansını sülh naminə ən böyük töhfələrdən biri adlandıraraq deyib: “Yeni İpək Yolu 60-a yaxın ölkəni birləşdirəcək. Bu yol yeni sülh yoludur. Bu layihə BMT-nin, Sivilizasiyalar Alyansının və UNESCO-nun məqsədlərinə xidmət edərək insanları birləşdirəcək, düşünməyə, kreativliyə çağıracaq. Biz indiki və sonrakı nəsillərin sülh şəraitində yaşamaları üçün tədbirlər görməyə çalışmalıyıq”.
UNESCO-nun tarix və yaddaş departamentinin rəhbəri Əli Musa tarixi İpək Yolu üzərində yerləşən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib. Vurğulayıb ki, təmsil etdiyi qurum bu layihəyə dəstək vermək üçün xüsusi proqramlar həyata keçirir. Yeni İpək Yolu multikultural dialoqun əsasını qoyan ilkin layihələrdən biridir, beynəlmiləl dialoqun ən uzun və qədim yolu hesab olunur. Tarixi İpək Yolu bizim üzərimizə sanki bir işıq saçaraq digər millətləri daha yaxşı anlamağımıza yardımçı olub. Bu, ikitərəfli qazanc yoludur. Yəni, burada bütün iştirakçılar qazanc əldə edəcəklər.
Bakını Sivilizasiyalar Alyansının Qlobal Forumu üçün ideal məkan adlandıran Bəşəriyyətin İnkişafı və Xilası Fondunun baş icraçı direktoru Rustam Xairov burada müzakirə edilən məsələlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, İpək Yolu layihəsi turizmin inkişafına da töhfə verəcək. “Biz əminik ki, İpək Yolu sülh körpüsü olacaq. İstəyirik ki, millətlər bu yol vasitəsilə multikultural dialoq qursunlar. İkinci mühüm cəhət isə iqtisadi istiqamətdir. Bu yol ölkələrə iqtisadi mənfəət gətirəcək. Digər mühüm cəhət isə ekoloji istiqamətdir. Yeni İpək Yolu - yaşıl, eko-ipək yolu olacaq”, - deyən R.Xairov danışıqlar vasitəsilə ortaq dialoqun tapılacağına ümidvar olduğunu bildirib.
Beynəlxalq Ticarət üzrə İpək Yolu palatasının təsisçisi və sədri Lu Jiançonk Çinin İpək Yolu layihəsində rolundan danışıb, mövzuya aid filmin təqdimatını keçirib. Lu Jiançonk hesab edir ki, İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəni əlaqələrin inkişafı regionun hərtərəfli tərəqqisinə xidmət edəcək.
Toplantıda mövzu ilə bağlı suallar cavablandırılıb.