Yeni mexanizmin tətbiqi sahibkarların faiz yükünün azaldılmasına müsbət töhfə verəcək
Bakı, 13 yanvar, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib. Qaydaya əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara verilən kreditlərin 90 faizədək hissəsinə dövlət tərəfindən zəmanət veriləcək, eləcə də zəmanət verilmiş kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 ay müddətinə dövlət tərəfindən subsidiyalaşdırılacaq. Mexanizm məbləği hər bir sahibkarlıq subyekti üzrə 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan kreditlərə şamil edilir. Mexanizm çərçivəsində verilən kreditlərə güzəşt müddətinin də tətbiq edilməsi nəzərdə tutulur. Güzəşt müddəti kreditin müddətinin yarısından çox olmamaq şərtilə 36 ay müddətinə veriləcək. Mexanizm çərçivəsində ümumilikdə 500 milyon manat kreditin verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri İsmayıl Hüseynov sahibkarlıq subyektlərinin əldə edəcəyi üstünlüklərdən danışıb.
Bildirib ki, mexanizmin tətbiqi işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşunun sürətləndirilməsi, bankların həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kredit verilməsinin stimullaşdırılması, sahibkarların maliyyə əlçatanlığının təmin edilməsi və sahibkarların faiz yükünün azaldılmasına müsbət töhfə verəcək. Nəticədə işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması və iqtisadi aktivliyin bərpası sürətlənəcək. Mexanizm üzrə müraciətlərin qəbulu elektron kredit və zəmanət informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Yəni, bu informasiya sistemi vasitəsilə sahibkarlar tərəfindən müraciətlərin həyata keçirilməsi, onların müvəkkil təşkilatlar və Sahibkarlığın İnkişafı Fondu tərəfindən dəyərləndirilməsi, nəticələrin sahibkarlara çatdırılması kimi bütün prosedurlar məhz elektron sistem üzərindən aparılacaq. Hazırda elektron kredit və zəmanət informasiya sisteminin yaradılması və Fərmandan irəli gələn tapşırıqların icrası istiqamətində işlər davam etdirilir.