YENİ MOBİL KOMMUNİKASİYA TEXNOLOGİYALARINA HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR
“Alcatel”in Azərbaycandakı baş nümayəndəsi Mucit Emel, şirkətin MDB ölkələri üzrə vitse-prezidenti Gerhard Rixter mobil kommunikasiya texnologiyalarının meydana çıxması ilə əlaqədar telekommunikasiya sektorunun mobil rabitə operatorları və sabit rabitə operatorları kimi iki yerə bölündüyünü, hazırda hər iki tərəfin şəbəkələri və xidmətləri konvergensiya etməyə çalışdığını diqqətə çatdırmışlar.
Şirkətin nümayəndələri sabit-mobil konvergensiyasının üstünlüklərini iştirakçıların nəzərinə çatdırmışlar.
Prezidentin İcra Aparatının informasiya resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə dövlətimizin başçısı İlham Əliyevin respublikada qeyri-neft sektorunun, o cümlədən rabitə və telekommunikasiya sahəsinin inkişafına xüsusi diqqət yetirdiyini söyləmişdir. Prezident İlham Əliyevin “Azərbaycan dünyanın ən qabaqcıl texnologiyalarını tətbiq edən ölkə olmalıdır” fikrini diqqətə çatdıran natiq, belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son illər ölkə başçısının təşəbbüsü ilə rabitə sahəsində həyata keçirilən tədbirlər, görülən işlər haqqında qısa məlumat vermiş, ölkəmizin telekommunikasiya sektorunun dünyanın qabaqcıl şirkətləri üçün açıq olduğunu bildirmişdir.
“Alcatel” şirkəti nümayəndəsinin konvergensiya üzrə ən müasir texnologiyalar, Azərbaycanın Fixed Mobile konvergensiyasından əldə edəcəyi üstünlüklər və s. haqqında təqdimatı dinlənilmişdir.
Sonra mövzu ətrafında fikir mübadiləsi, müzakirələr aparılmış, suallara cavab verilmişdir.