Yeni Salyan yolu, 20 ünvanında işıqforla bağlı texniki problem aradan qaldırılacaq
Bakı, 16 avqust, AZƏRTAC
Səbail rayonunun Yeni Salyan yolu, 20 ünvanında (jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında) yolda olan işıqforun işləməsi ilə bağlı bəzi hallarda texniki problem yaranır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov AZƏRTAC-a bildirib ki, problemin yaranmasına səbəb işıqforun özündə yox, ona verilən elektrik mənbəyi ilə bağlıdır.
Ö.Xıdırovun sözlərinə görə, bir neçə ilə əvvəl binada yaşayan sakinlərin müraciəti əsasında yola işıqfor qoyulub: “Həmin vaxt ərazidə mövcud infrastruktur (elektrik xətti) olmadığından işıqfora binanın ümumi elektrik xəttindən enerji verilməsi təmin edilib. Hazırda binanın həyətində olan mövcud işıqlanma sistemində bəzi hallarda qısaqapanmaların olması ümumi elektrik mənbəyi xəttinə təsir göstərir və bu səbəbdən yolda olan işıqforın işində problem yaranır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən binanın elektrik mənbəyində olan problemin aradan qaldırılması, ümumilikdə alternativ olaraq elektrik xəttinin çəkilməsi istiqamətində işlər görülür. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulub”.