“YENİ TƏHSİL – YENİ İŞ İMKANLARI” MÖVZUSUNDA SƏRGİ
Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun (AXUBBƏİ) dəstəyi ilə təşkil olunmuş sərginin keçirilməsindən məqsəd geniş kütləyə yaşlı nəslin təhsili haqqında məlumat vermək, ona maraq oyatmaq, bu sahədə çalışan təşkilatların əməkdaşlığını dəstəkləməkdir.
AXUBBƏİ-nin Azərbaycan üzrə milli əlaqələndiricisi Fuad Muradov çıxış edərək bildirmişdir ki, belə sərgi ölkəmizdə ilk dəfə keçirilir, burada 20 təşkilat öz xidmətləri, hazırladıqları kitablar, bukletlər, jurnallar haqqında məlumat verir.
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev çıxışında ölkəmizdə təhsil sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyini vurğulamış, bildirmişdir ki, yaşlıların təhsilinə qayğı, müasir dövrə, şəraitə uyğun dəyişməsi, kadr hazırlığının təkmilləşdirilməsi və bu qəbildən olan məsələlər cəmiyyətimizdə olduqca aktualdır.
4 gün davam edəcək sərginin ilk günü Azərbaycan Marketinq Cəmiyyəti, Bakı Elmi Tədris Mərkəzi, Çağdaş Tədris Mərkəzi, Aqro–Məsləhət qeyri-hökumət təşkilatı, Yaradıcı Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri öz təşkilatları haqqında məlumat vermişlər.