Yeni Zelandiyada terror aktı qurbanlarının xatirəsini anım mərasimi təxirə salınıb
Tokio, 14 mart, AZƏRTAC
Yeni Zelandiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Kraystçörç şəhərində terror aktı qurbanlarının xatirəsini anım mərasimini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern martın 14-də Vellinqtonda keçirilən mətbuat konfransı zamanı bildirib.
Baş Nazir deyib ki, Yeni Zelandiyada yeni koronavirusun insandan insana keçməsi halı indiyədək qeydə alınmasa da, hökumət 2019-cu ildə törədilmiş terror aktı ilə bağlı martın 15-nə planlaşdırılan anım mərasiminin təxirə salınması barədə qərar qəbul edib. “Bu, praktik qərardır. Bu təxirəsalınma bizi çox kədərləndirir, amma buna baxmayaraq, biz həmin faciəni kədərlə xatırlayırıq və düşünürük ki, gələcəyimizlə risk etmək olmaz”, - deyə Baş Nazir bildirib.
Qeyd edək ki, bu günə qədər Yeni Zelandiyada beş nəfərdə koronavirus aşkar edilib.
Xatırladaq ki, 2019-cu il martın 15-də Kraystçörç şəhərində iki məscidə hücum edən 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarrantu 51 nəfəri qətlə yetirib, təqribən 50 nəfər yaralanıb. Həmin şəxsə qətl, qətl törətməyə cəhd və terror aktı törədilməsi kimi ittihamlar irəli sürülsə də, o, özünü təqsirli bilmir. B.Tarrantunun məhkəməsinin 2020-ci ilin iyununda keçiriləcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio