Yeniliyə can atan gənclər üçün “All Digital Month” layihəsinə start verilib
Bakı, 25 mart, AZƏRTAC
“İrəli” İctimai Birliyi dinamik, daim yeniliyə və inkişafa can atan gənclərin faydalana biləcəyi layihəyə start verərək, martın 25-dən aprelin 25-dək olan müddəti “All Digital Month” (Rəqəmsal ay) elan edir.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, “İrəli” bir ay ərzində onlayn formatda müxtəlif mövzularda öyrədici və əyləncəli təlimlər, vebinarlar, görüşlər və intellektual oyunlar keçirməyi planlaşdırır.
Bu mövzulara beynəlxalq layihələrdə iştirak, xaricdə təhsil, CV və motivasiya məktublarının yazılması, karyera seçimi, gənclərlə işin təşkili, sosial şəbəkələrdən istifadə qaydaları, bədən dili, psixologiya, hüquq, tənqidi düşüncə və s. aiddir. Həmçinin qazilər, yazıçılar və bəstəkarlarla onlayn görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Karantin rejimi qaydalarına uyğun şəkildə həyata keçiriləcək layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, rəqəmsal marketinq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlayn resurslar haqqında məlumatlılığının artırılması, peşəkar təlimçilər tərəfindən keçiriləcək görüş və təlimlərdə iştirak edərək bu sahələr üzrə biliklərə yiyələnməsi və mövcud vəziyyətdə fərqli istiqamətlər üzrə maarifləndirilməsidir.
“Rəqəmsal ay” layihəsi pandemiya şəraitində aktiv və sosial həyat tərzindən uzaqlaşan gənclər üçün faydalı bir fürsətdir. Keçən il karantin ayında uğurla həyata keçirilən bu layihədə 30-dan çox gənc iştirak edib və artıq ikinci ildir ki, həyata keçirilir.
Qeyd edək ki, “İrəli” İB 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Twitter”də yeni aksiya keçirəcək. Aksiyanın məqsədi mənfur ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı və işğal siyasətinin acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, soyqırımı haqqında geniş məlumatlandırma işi aparmaqdır.
Aksiyaya qoşulmaq istəyən gənclər “Twitter”də #31MarchGenocide, #Azerbaijan, #ireli2021, #WeRemember həştəqlərindən istifadə edərək Azərbaycan həqiqətlərinin daha böyük auditoriyaya çatdırılması işinə töhfə verə bilərlər.