Yerli ixracatçılar sentyabrda Ər-Riyadda “Saudi Food Expo” sərgisində iştirak edəcəklər
Bakı, 13 may, AZƏRTAC
Qeyri-neft-qaz ixracında müsbət dinamika müşahidə olunur və yeni bazarlara çıxış potensialı artır.
AZƏRTAC xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev "Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və logistika forumu"nda bildirib.
Qeyd olunub ki, bu dinamikanın davamlı xarakter alması üçün ixracatçıların beynəlxalq platformalarda iştirakının artırılması və alıcılarla birbaşa əlaqələrinin gücləndirilməsi xüsusi önəm daşıyır. Bu məqsədlə AZPROMO tərəfindən müntəzəm olaraq ixrac və alıcı missiyaları təşkil edilir, beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendi altında vahid ölkə stendləri qurulur, həmçinin fərdi qaydada iştirak edən sahibkarlara dəstək göstərilir.
2025-ci ildə agentliyin dəstəyi ilə ümumilikdə 72 sahibkar “Made in Azerbaijan” brendi altında 6 beynəlxalq sərgidə (“The Saudi Food Show 2025”, “Russia Halal Expo 2025”, “KazBuild 2025”, “Anuga 2025”, “CIIE 2025”, “Big 5 Global 2025”) iştirak edib. Bundan əlavə, fərdi qaydada sahibkarlarımızın 52 sərgidə iştirakı təmin olunub.
"Bu il də ixracatçılarımızın fəaliyyətinin dəstəklənməsi istiqamətində işlərimizi davam etdiririk. Cari ildə AZPROMO-nun dəstəyi ilə şirkətlərimiz vahid ölkə stendi ilə Dubay şəhərində “Gulfood”, Düsseldorfda isə “ProWein” sərgilərində iştirak ediblər. Hazırda ixracatçılarımız bu gün işə başlayan “Russia&Islamic World Cooperation Expo” sərgisində təmsil olunurlar. Qeyd edim ki, bununla yanaşı, yerli ixracatçıların sentyabr ayında Ər-Riyad şəhərində keçirilməsi planlaşdırılan “Saudi Food Expo” sərgisində iştirakının təmin olunması nəzərdə tutulur. Yerli sərgilərə gəldikdə, ötən həftə Bakıda keçirilən “InterFood Azerbaijan” sərgisində AZPROMO stendlə iştirak edib və orada təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, alkoqolsuz içkilər, şərab və süd məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 10 şirkət təmsil olunub. Cari ilin oktyabr ayında isə 6-cı “Rebuild Karabakh”da iştirakımız planlaşdırılır", - deyə Y.Abdullayev əlavə edib.