Yevlax rayonunda əhalinin təbii qazla təminatı yaxşılaşdırılır
Yevlax, 11 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da əhalinin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür, abadlıq-quruculuq işləri, müxtəlif infrastruktur layihələri həyata keçirilir, o cümlədən yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax rayonunun Duzdağ qəsəbəsinin genişlənən hissəsinin qazlaşmaması sakinlərə narahatçılıq yaradırdı. Qəsəbə sakinlərinin müraciətlərinə baxılaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb, nəticədə qəsəbəyə qaz çəkilməsinə start verilib.
Hazırda “Azəriqaz” İB-nin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax üzrə xidmət sahəsi tərəfindən qəsəbəyə qaz çəkilişi davam etdirilir. Artıq qəsəbəyə 594 poqonmetr, 57 millimetrlik metal borudan ibarət qaz xəttinin çəkilişi yekunlaşıb. Qəsəbənin genişlənmiş ərazisindəki evləri qazla təmin etmək üçün 612 poqonmetr, 32 millimetrlik metal borudan ibarət qaz xətti çəkilir. Eyni zamanda, evlərə qaz sayğaclarının qoyulması müvafiq sənədləşmə əsasında layihələndirilir.
Tezliklə Duzdağ qəsəbəsinin tam qazlaşdırılması başa çatdırılacaq.