REGİONLAR
Yevlaxda Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları təbrik olunub
Yevlax, 8 mart, AZƏRTAC
Yevlaxda şəhid analarının iştirakı ilə Beynəlxalq Qadınlar Günü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, şəhid anaları və şəhidlərin ailə üzvlərinin iştirak etdiyi görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev çıxış edərək şəhid analarını, şəhidlərin həyat yoldaşlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Vətənini, xalqını ürəkdən sevən qəhrəman övladlar yetişdirdiklərinə görə onlara təşəkkürünü bildirib. Qeyd edib ki, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir.
Diqqətə çatdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, sağlamlıqlarını itirmiş qazilərimizə daim diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan ailələrin sosial-məişət və digər məsələlərinin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
Şəhid anaları, şəhidlərin ailə üzvləri hər zaman diqqət və yüksək qayğı ilə əhatələndikləri üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə məktəblilərin və Yevlax Şəhər Yaradıcılıq Evinin kollektivinin ifasında anaya, Vətənə, şəhidlərin qəhrəmanlıqlarına həsr edilmiş şeirlər və musiqilər səsləndirilib.