REGİONLAR
Yevlaxda keçirilən velosiped yarışında 30 komanda iştirak edib VİDEO
Yevlax, 16 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə Yevlax şəhərində velosiped yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Yarış Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Əvvəlcə həvəskar velosipedçilərin iştirakı ilə veloyürüş olub. Daha sonra keçirilən velosiped yarışında hər biri 3 nəfərdən ibarət 30 komanda qələbə uğrunda mübarizə aparıb. Gərgin keçən yarışda Balçılı komandası birinci, Gənclər evi komandası ikinci, Qaramanlı komandası üçüncü yerə layiq görülüb.
Əsas məqsədi yeniyetmə və gənclərin sağlam həyat tərzinə marağının və velosiped idmanının kütləviliyinin artırılması olan yarışların qaliblərinə, eləcə də ikinci və üçüncü yerləri tutan idmançılara Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının fəxri fərman və qiymətli hədiyyələri, digər iştirakçılara isə həvəsləndirici diplomlar təqdim edilib. Həvəskarlar arasında olan yürüşdə fərqlənən 10 nəfər hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.