Yüksək bal toplayan abituriyent: İntensiv hazırlıq prosesində düzgün istirahət də vacibdir
Bakı, 25 iyun, AZƏRTAC
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biri də Fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunu Nargilə İlkin qızı Zeynalova olub. O, qəbul imtahanında 400 bal toplayıb.
Nargilə Zeynalova AZƏRTAC-a müsahibəsində bildirib ki, əldə etdiyi nəticə uzunmüddətli hazırlıq, məsuliyyət və əzmkarlığın bəhrəsidir. Qəbul imtahanlarına hazırlığa 10-cu sinifdən başlayıb və qarşısına qoyduğu məqsədə çatmaq üçün sistemli şəkildə çalışıb.
Müsahibimizin sözlərinə görə, hazırlıq prosesində xüsusi çətinlik çəkdiyi fənn olmayıb. Qarşılaşdığı mövzu və ya tapşırıqlarla bağlı yaranan çətinlikləri müəllimlərinin dəstəyi sayəsində aradan qaldırıb.
“Hazırlıq müddətində müəllimlərimin dəstəyi mənim üçün çox önəmli olub. Hər hansı mövzuda çətinlik yarananda onların köməyilə həmin boşluqları aradan qaldıra bilirdim. Bu isə nəticələrimin daha da yaxşılaşmasına təsir göstərirdi”, - deyə abituriyent bildirib.
Yüksək bal toplayan abituriyent qeyd edib ki, intensiv hazırlıq prosesində düzgün istirahət də vacibdir: “Kitab oxumaq və açıq havada gəzmək mənə həm motivasiyamı qorumağa, həm də daha məhsuldar çalışmağa kömək edirdi”.
Gələcək planlarından danışan Nargilə Zeynalova informasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmaq istədiyini qeyd edib. O, ilk seçim olaraq Bakı Ali Neft Məktəbini nəzərdə tutduğunu bildirib. Ali təhsilini Azərbaycanda davam etdirməyi, magistratura səviyyəsində isə xaricdə təhsil almağı düşündüyünü vurğulayıb.
Abituriyent deyib ki, məktəb illərində fənn olimpiadalarında iştirak etməsə də, bütün diqqətini qəbul imtahanlarına hazırlığa yönəldib və qarşısına qoyduğu hədəfə çatmaq üçün ardıcıl çalışıb. O, yüksək nəticə əldə etmək istəyən abituriyentlərə məqsədlərinə inanmağı, planlı çalışmağı və çətinliklər qarşısında ruhdan düşməməyi tövsiyə edib.
Xatırladaq ki, Nargilə Zeynalova buraxılış imtahanından 272,8 bal olmaqla ümumilikdə 672,8 bal toplayıb.