YUNANISTAN HÖKUMƏTİ ÖLKƏNİN İSLAM MƏDƏNİ İRSİNİN TALEYİNƏ BİGANƏ DEYİLDİR
Nazirliyin nümayəndəsi Argiris Bargitzis bunu belə şərh etmişdir: “Biz başa düşürük ki, məscidlər Yunanıstan mədəniyyəti və tarixinin ayrılmaz tərkib hissəsidir. Buna görə də onlar mütləq bərpa edilməlidir”.
Məlumdur ki, yunan tarixində əsas antik dövrlə yanaşı, müsəlman dövrü də olmuşdur. Uzun müddət Osmanlı dövlətinin tərkibində olmuş ölkədə müsəlman mədəniyyətinə aid çoxsaylı abidələr var. Bunlar sultan I Məhəmmədin hakimiyyəti dövründə (1413-1421-ci illər) tikilən Avropada ən qədim Böyük Temenos məscidi, Misir valisi Məhəmməd Əli Paşanın Kavala şəhərində inşa etdirdiyi İmarət qəsri və XV əsrdə Serres şəhərində ucaldılmış Əli Paşa məscididir.
Lakin 1821-ci ildə Yunanıstan müstəqillik əldə etdikdən sonra bu abidələr baxımsızlıq ucbatından bərbad vəziyyətə düşməyə başlamışdır. Bir çox məscidlərdən təyinatı üzrə istifadə edilmirdi. Məsələn, Fessaloniki şəhərindəki Əlqəzar məscidi pornofilmlərin nümayiş etdirildiyi kinoteatra çevrilmişdi, Drama şəhərindəki məsciddən isə əvvəlcə anbar, sonralar mehmanxana kimi istifadə olunmuşdur.