YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KAROLOS PAPULYASA
Hörmətli cənab Prezident,
Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Yunanıstan münasibətləri geniş inkişaf yolundadır. Keçən ay ölkənizə dövlət səfərim, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və müzakirələr, ölkələrimizin müxtəlif qurumları arasında imzalanmış sənədlər bunun bariz ifadəsidir.
Fürsətdən istifadə edərək, dost ölkənizə səfərim zamanı mənə və bütün nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə bir daha Sizə öz minnətdarlığımı bildirmək istərdim.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar çərçivəsində, xüsusən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Hörmətli cənab Prezident, bir daha Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edir və əmin olduğumu bildirirəm ki, bu səfəriniz dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 mart 2009-cu il