YUNİSEF-İN AZƏRBAYCANDA UŞAQ HÜQUQLARI İLƏ BAĞLI FƏALİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova uşaq hüquqlarının insan hüquq və azadlıqları arasında mühüm yer tutduğunu, bu gün uşaqlar üçün yararlı dünya yaratmaq ideyasının gerçəkləşməsi istiqamətində zəruri addımlar atıldığını söyləmişdir. O, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da YUNİSEF-in dəstəyi ilə uşaq haqlarının qorunması istiqamətində mühüm proqramlar həyata keçirildiyindən və qazanılan uğurlardan söz açmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin elm və təhsil məsələləri daimi komissiyasının sədri Ş.Əsgərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini T.Budaqov, Ədliyyə Nazirliyinin şöbə rəisi N.Məmmədov, Respublika Uşaq Təşkilatının sədr müavini R.Axundova və başqaları çıxış edərək uşaqların qüvvəsindən istifadə etməyin, onlarla birgə çalışmağın, problemlərin həllində gənc nəslin iştirakına nail olmağın vacibliyini bildirmiş, YUNİSEF-in Azərbaycan nümayəndəliyi ilə səmərəli əməkdaşlıqdan söz açmışlar.
YUNİSEF-in Azərbaycan nümayəndəliyinin başçısı Akif Saatçıoğlu bu görüşü və işgüzar müzakirələri yüksək dəyərləndirmiş, uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığını qeyd etmişdir.
Tədbirin sonunda E.Süleymanova YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri kimi səlahiyyətləri başa çatmış A.Saatçıoğluna Fəxri Fərman təqdim etmişdir.