Zaman keçdikcə COVID-19 adi bir hala çevriləcək
Bakı, 29 avqust, AZƏRTAC
Öskürək, sətəlcəm, boğaz ağrısı, yüksək hərarət və iybilmənin itməsi “omikron”un yeni alt növü olan EQ.5-in əsas əlamətləri sayılır. Doğrudur, bəzilərinə həmin əlamətlər adi bir xəstəlik, qrip kimi gəlsə də, həkimlər bunun əksini deyirlər. Elə buna görə də bəziləri həmin xəstəliyi keçirsələr də, onun yeni növ koronavirusun (COVID-19) yeni ştamı olub-olmadığı tam dəqiq bilinmir.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib: “Koronavirusun öldürücülüyü qriplə müqayisədə daha zəifdir. COVID-19-un hər yeni mutasiyasının əlamətləri və xəstələrin şikayətləri demək olar ki, qripə bənzəyir. Son vaxtlar həmin əlamətlərlə müraciət edən xəstələrin sayında artım müşahidə olunur. Lakin onları ayırd etməyə çox da ehtiyac olmur, çünki müalicə taktikası əsasən eyni olur”.
Mütəxəssislər COVID-19-un “omikron” ştamının yeni alt variantı olan EQ.5-in yoluxduruculuğunun əvvəlki ştamlardan daha yüksək olduğunu bildirirlər. Xəstəlik mutasiya qabiliyyətinə malik olduğuna görə virusların yeni növlərinin meydana çıxması gözləniləndir. Üstəlik payızda mövsümü xəstəliyin artması COVID-19-a yoluxanların sayına bir qədər təsir edəcək . “COVID-19 indiyə qədər də var idi və bundan sonra da davam edəcək. Koronavirus dünyadan heç vaxt təmizlənməyəcək və zaman keçdikcə adi bir hala çevriləcək. Əslində elə adiləşməyə doğru da gedir”,-deyə mütəxəssis-ekspert bildirib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi vətəndaşları diqqətli olmağa çağırıb. Məlumatda deyilir ki, qorunma tədbirləri bütün növlər üçün eynidir. Yoluxmada artımlar olarsa, xüsusən payız və qış mövsümlərində nəinki koronavirusdan, o cümlədən bütün respirator viruslardan qorunma tədbirlərinə hər kəs tərəfindən ciddi əməl olunmalıdır.