Zaqatala rayon mərkəzi kitabxanasında elektron xidmətlərin səviyyəsi artırılacaq
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 31-də mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatala rayon mərkəzi kitabxanasının fəaliyyəti ilə tanış olub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir kitabxanada elektron xidmətlərin səviyyəsinin daha da artırılması, kitabxana işçiləri üçün Elmi-Metodiki Mərkəz tərəfindən kursların təşkil olunması haqqında göstəriş verib. Həmçinin kitabxananın qarşısındakı parkda rayon sənətkarlarının əl işlərindən ibarət satış yarmarkasının təşkili barədə müvafiq tapşırıq verib.
Qeyd olunub ki, əsası 1923-cü ildə qoyulan kitabxana ötən dövr ərzində əhalinin maariflənməsi istiqamətində bir çox işlər görüb.
Sonra Əbülfəs Qarayev Zaqatalada yerləşən rus kilsəsinin tarixi binasına baxış keçirib. Tikilinin vəziyyəti ilə tanış olan nazir XIX əsrdə inşa olunmuş binanın bərpası məqsədilə müvafiq araşdırma aparılmasının, təmir-bərpa işinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.