Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkarlanıb
Bakı, 9 aprel, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 39 yaşlı Zaqatala şəhər sakini Vüqar Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir kibrit qutusunda 7 qram çəkidə marixuana aşkarlanıb.
V.Çobanovun idarə etdiyi “VAZ-2109” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən sellofan torbada 460 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.