Zaqatalada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş toplantı keçirilmişdir
Zaqatala, 1 aprel (AZƏRTAC). Zaqatala şəhərindəki “Azərbaycanlıların soyqırımı” xatirə-kompleksinin önündə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş toplantı keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, ictimaiyyətin nümayəndələri abidənin önünə gül-çiçək dəstələri düzmüş, soyqırımı qurbanlarının xatirəsini yad etmişlər.
Toplantıda rayon icra hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi kökləri barədə məruzə etmişdir. Natiq bildirmişdir ki, erməni millətçiləri artıq iki yüz ilə yaxındır ki, xalqımıza qarşı soyqırımı və təcavüz siyasəti həyata keçirirlər. Bu mənfur siyasətin başlıca məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından sıxışdırıb çıxarmaqdır.
Məruzədə qeyd edilmişdir ki, soyqırımı barədə əsl həqiqətlər dünya ictimaiyyətinə yalnız Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra bəlli olmuşdur. 1998-ci il martın 26-da ümummilli liderimiz Heydər Əliyevin imzaladığı Fərman erməni millətçilərinin hərəkətlərinə verilən əsl hüquqi-siyasi qiymətdir. Natiq son illər xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli iş görüldüyünü bildirmişdir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənildiyi, Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi diqqətə çatdırılmışdır.
Toplantıda çıxış edənlər dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti və siyasi iradəsi, habelə vətəndaşlarımızın vətənpərvərliyi və mütəşəkkilliyi sayəsində qarşıda duran bütün problemlərin həllinə, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirənlərin ifşa edilməsinə, ərazi bütövlüyümüzün bərpasına nail olunacağına əminliyini bildirmişlər.
Tədbirin sonunda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
######
