ZAQATALADA BÖLGƏ TƏLİM SEMİNARI KEÇİRİLMİŞDİR
Seminarda Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və respublika prokurorluğunun Zaqatala və Balakən rayonlarındakı nümayəndələri, habelə bu rayonların hakimləri iştirak etmişlər.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquq şöbəsinin aparıcı mütəxəssisi, hüquqi təlim üzrə əlaqələndirici Mahir Səfərli AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, təlimlərin əsas məqsədi rayonların yerli icra strukturları və hüquq mühafizə orqanları əməkdaşlarını qaçqınlar və sığınacaq axtaran şəxslərlə bağlı qanunvericiliklə tanış etmək, habelə həmin qurumların bu sahədə gördüyü işlərlə yaxından tanış olmaq, geniş fikir mübadiləsi aparmaqdır.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
BMT QAK nümayəndəsinin verdiyi məlumata görə, bu mövzuda təlimlər artıq ölkənin şimal və cənub bölgələrində keçirilmişdir. Avqustda təlimlər Qazax bölgəsində və Naxçıvanda davam etdiriləcəkdir. Sentyabrda isə Bakı şəhərində müvafiq nazirliklərin əməkdaşlarının və bölgə nümayəndələrinin iştirakı ilə təlim seminarının yekun mərhələsinin keçirilməsi nəzərdə tutulur.