SİYASƏT
Zəfər Günü Brüsseldə qeyd edilib
Brüssel, 11 noyabr, AZƏRTAC
Belçikanın paytaxtı Brüssel şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir Fireland Belçika Azərbaycanlıları Birliyi tərəfindən Azərbaycanın Belçikadakı səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin ilk hissəsində fotosərgi təşkil edilib. Sərgidə 44 günlük Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılmış, talan edilmiş tarixi abidələrimiz və dini tikililərimiz nümayiş olunub. Həmçinin zalda Azərbaycan mədəniyyət və incəsənətinə aid guşə də hazırlanıb.
Rəsmi hissəni giriş sözü ilə açan Fireland Belçika Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva tarixi Qələbəni bizlərə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə isə sağlamlıq arzulayıb. Daha sonra İ.Tağıyeva 44 günlük müharibə zamanı Belçikada yaşayan azərbaycanlılara göstərdikləri həmrəylik və birlik üçün təşəkkür edib.
Azərbaycanın Belçikadakı səfirliyinin 1-ci katibi Tamerlan Babayev bildirib ki, bu mühüm gün Azərbaycan xalqının mətanət və birliyinin simvoludur.
Belçikada fəaliyyət göstərən “Mədəni” platformasının təsisçisi Emin Əliyev deyib: “Bu gün burada olmaq, bu xüsusi gündə çıxış etmək çox qürurverici haldır”.
Tədbir bədii hissə ilə davam edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel