SİYASƏT
Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib
Bakı, 7 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizdə bir sıra təntənəli tədbirlər keçirilir. Azərbaycan parlamenti də öz növbəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil edir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qarşıdan gələn Zəfər Günü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin komitə sədrləri Şahin İsmayılov, Əli Hüseynli, Aparat rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavini Rüstəm Mahmudov və Aparatın əməkdaşı Ruslan Hacıyevdən ibarət qrup “Xarıbülbül zirvəsi”nə yürüş edib.
Noyabrın 6-da Quba rayonunun Xınalıq kəndindən başlayan yürüş 2783 metr hündürlükdə yerləşən “Xarıbülbül zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə edən iştirakçılar soyuq hava şəraitinə, çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar.