Zəfər Gününə həsr edilmiş futzal yarışlarının pley-off mərhələsi başa çatıb
Bakı, 14 dekabr, AZƏRTAC
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən və Zəfər Gününə həsr edilmiş futzal yarışlarının pley-off mərhələsi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, pley-off mərhələsində 16 komanda mübarizə aparıb.
Oyunların nəticələrinə əsasən, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti və Ağdam Dövlət Sosial-İqtisad Kolleci dörddəbir final mərhələyə vəsiqə qazanıb.
Yarışlar dekabrın 23-dək davam edəcək.
Qeyd edək ki, futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Çempionatın keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə və gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsidir. Həmçinin tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.